Bədiüzzaman Səid Nursi

1873-cü ildə Bitlisin Hizan qəsəbəsinin Nurs kəndində dünyaya gəlmişdir. 9 yaşında dini təhsilə başlamasına baxmayaraq, xasiyyəti səbəbiylə mədrəsə təhsilinə alışa bilməyərək ayrılmışdır. 12 yaşında Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.)-in yuxusunda ona bəzi tövsiyələr verdiyinə görə təhsil həyatına davam etmişdir. 21 yaşında şərqdə adını eşitdirmiş və özü Bədiüzzaman (dövrün gözəlliyi) olaraq anılmışdır. Həyatındakı ən böyük ideallarından biri Vanda açılmasını istədiyi Mədrəsətüz Zəhra universiteti idi. 1907-ci ildə İstanbula gələrək Sultan II Əbdülhamidə proyektini izah edir lakin, razı sala bilmir. Bundan sonra Fatehdəki şəkərçi mehmanxanada bir otaq tutaraq bura yerləşdi.
31 Mart hadisələri ilə əlaqəsi olmadığı halda hadisələr əsnasında həbs olundu və məhkəmədə bəraət qazandı. 31 Mart hadisələrindən sonra İstanbuldan ayrılaraq, Van, Tiflis, Şam, Beyrut və İzmirdə işlərinə davam etdi.
Birinci dünya müharibəsinin başlaması ilə birlikdə Təşkilatı Məxsusada vəzifəyə keçdi. 1916-cı ildə milis komandiri olaraq Pasınlarda döyüşərək əsir düşdü. Bolşevik inqilabı dövründə qarışıqlıqdan  istifadə edərək qaçaraq  böyük çətinliklərlə İstanbula gəldi.
Səid Nursinin həyatı əslində, dəstək vermədiyi Şeyx Səid üsyanı ilə dəyişdi. Səid Nursi üsyana nə üçün dəstək vermədiyini belə izah edir:
"Türk milləti əsrlərdən bəri İslamın bayraqdarlığını etmişdir. Çox vəlilər və şəhidlər yetişdirmişdir. Belə bir millətin övladlarına qılınc çəkilməz. Biz müsəlmanıq, onlarla qardaşıq, qardaşı qardaşla vuruşdurmayın. Bu şəriətə görə caiz deyil. Qılınc əcnəbi düşmənə çəkilər, daxildə qılıncdan istifadə edilməz. Bu zamanda yeganə qurtuluş, Quran və iman həqiqətləriylə aydınlatma (nurlanma) və irşad etməkdir. Ən böyük düşmənimiz olan cahilliyi aradan qaldırmaqdır. Təşəbbüsünüzdən imtina edin, yoxsa nəticəsiz qalar. Bir neçə cani üzündən minlərlə günahsız kişi və qadın tələf ola bilər."
Buna baxmayaraq bölgənin bir çox başçıları ilə birlikdə Bədiüzzaman haqqında da istintaq açılaraq İstanbula gətirildi. Oradan Eğridir mahalının Barla kəndinə sürgün edildi. Bu kənddə Quranı təfsir etdiyi Risalə-i Nur Külliyyatının dörddə üçünü qələmə aldı.
Tələbələrinin sayının artmasıyla birlikdə Eskişəhərə göndərilərək Bədiüzzamanın mühakimə olunmasına orada davam edildi. Burada 11 ay həbsə məhkum oldu. Üzərindəki təzyiqlər də artmağa başladı. 1934-cü ildə Barladan İspartaya nəql edildi. Oradan 120 yoldaşıyla cəzasını tamamladıqdan sonra Kastamonuya sürgün edildi.
1943-cü ildə yenidən həbs olunaraq Ankaraya göndərildi. Ardından İsparta və Dənizlidə haqqında istintaqlar açıldı. 126 yoldaşıyla birlikdə doqquz ay məhbus qaldıqdan sonra istintaqların hamısından bəraət qazandı. Haqqındakı bəraət qərarlarına baxmayaraq təzyiqlər heç cür bitmədi. Tiryəkdə nəticələnən 20 aylıq məhkumiyyət qərarı üst məhkəmə tərəfindən pozuldu.
1951-ci ildə bir jurnalda nəşr olunan yazısı  haqqında iddia açılınca, 27 il uzaq qaldığı İstanbula gəlmə imkanı tapdı. Bədiüzzaman bu məhkəmədən də bəraət qazandı.
1956-cı ildə Risalə-i Nur külliyyatında cinayət ünsürü tapılmadığı üçün külliyyatın nəşr olunmasına icazə verildi. Ömrünün son günlərində bütün yurdu gəzən Bədiüzzaman Səid Nursi, İstanbuldan Urfaya etdiyi uzun səfərdən sonra, 1960-cı ildə vəfat etdi. 27 may Zərbəsinin dərhal ardından cənazəsi Urfadan alınaraq təyyarə ilə İspartaya gətirilərək bilinməyən bir yerə dəfn edildi.
Əsərləri:
- Sözlər
- Məktubat
- Lemələr
- Şüalar
- Məsnəvi-i Nuriyyə
- Əsa-yı Musa
- Kastamonu Lahikası
- Barla Lahikası
- Emirdağ Lahikası
- İşaretül İcaz
- Sikkə-i Təsdiqi Qeybi
- Xütbə-i Şamıya
- Münazarat
- İki Məktəb-i Müsibətin şəhadətnaməsi
Əsərlərindən bəzi nümunələr:
"Sünnə-i Səniyyəyə tabe olmaq çox əhəmiyyətlidir. Xüsusilə bidətlərin (xurafatların) çoxaldığı zamanda sünnəyə tabe olmaq çox əhəmiyyətlidir. Xüsusilə ümmətin fəsadı zamanında Sünnə-i Səniyyənin ədəbinə uymaq mühüm bir təqvanı və qüvvətli bir imanı meydana gətirir." (Lemalar, səh. 48)
"Sünnələri sanki göydən sallanan və uzanan iplər kimi gördüm, onlara yapışan yüksələr və səadətə qovuşar. Müxalif çıxıb ağıla söykənənlər isə, uzun bir minarə ilə göyə çıxmaq axmaqlığında olan firon kimi bir firon olar." (Məsnəvi-i Nuriyyə, səh.72)
"Yaradanımız bizə ən böyük müəllim və ən mükəmməl ustad və çaşmaz və çaşdırmaz ən doğru rəhbər olaraq Hz. Məhəmmədi təyin etmişdir. Son elçi olaraq göndərmişdir." (Əsa-yı Musa, səh.34)
"Hz. Məhəmmədin xüsusiyyəti, İslam aləminin böyük ağacının qaynağı, toxumu, həyatı, vəsiləsidir." (Lemalar, səh.311)
"Vəlayət yolları içində ən gözəli, ən doğru yolu, ən parlağı, ən zəngini, Sünnə-i Səniyəyə tabe olmaqdır." (Məktubat, səh.495)
İslam dini üçün kənardan gələn zərərli axınlar nə qədər təhlükəlidirsə, öz içindən gələn azğın və zərərli axınlar o dərəcədə təhlükəlidir. Bədiüzzaman Səid Nursi bu içəridən gələn təhlükələrə belə işarə etmişdir:
"Mənə iztirab verən yalnız İslamın məruz qaldığı təhlükələrdir. Əvvəllər təhlükələr xaricdən gələrdi, onun üçün müqavimət asan idi. İndi təhlükələr içəridən gəlir. Qurd gövdənin içinə girdi. İndi müqavimət çətinləşdi. Qorxuram cəmiyyətin bünyəsi (bədəni) buna dözməz. Çünki düşməni sezməz. Can damarını qoparan, qanını içən ən böyük rəqibini dost zənn edər. Cəmiyyətin bəsirət gözü korlaşsa, iman qalası təhlükədədir. Bax mənim iztirabım, yeganə iztirabım budur. Yoxsa şəxsimin məruz qaldığı zəhmət və məşəqqətləri düşünməyə belə vaxtım yoxdur. Kaş ki, bundan min qat məşəqqətə məruz qalsam da, iman qalasının gələcəyi salamatlıqda olsa..."
(Bütün sitatlar sadələşdirilərək verilmişdir)

partner 1 partner 2 partner 3 partner 4 partner 5 partner 6 partner 7 partner 8
Footeri gizlə
Yuxarı qalx