İslam dünyasını nurlandıran
İslam alimi Əhməd B. Hənbəl (780-855)

Böyük İslam alimlərindən Əhməd b. Hənbəl tarixi qeydlərə görə 780-855-ci illərdə Bağdadda yaşamışdır. Əbu Hənifənin şagirdi və dövrün məşhur baş qazısı Əbu Yusifdən şəriət  hökmlərinə dair dərslər almışdır.
Əhməd b. Hənbəl etiqadda, əməldə, əxlaqda hz. Peyğəmbərimiz (s.ə.v.)-in sünnələrindən başqa bir yol izləməmişdir. Çəkişmədən, münaqişədən, yalnız bir söz ilə hökm verməkdən uzaq durmuş, səhabələrin və Təbiinin (səhabələrə tabe olan) yolunu izləmişdir. Dövründə səbirli, təvazökar, intizamlı, qənaətkar, təqva sahibi və ixlaslı bir müctəhid olaraq tanınmış, bu əxlaqi xüsusiyyətləri ilə indiki dövrdə də çox sayda müsəlmana nümunə olmuşdur.
Elm, zühd (dünyaya və maddi mənfəətə dəyər verməyən) və təqvalı kimi xatırlanması, o dövrdə bir çox cəmiyyəti onun elminə yönəltmişdir. Dərs verdiyi kəslərin sayının beş minə qədər çatdığı nəql edilmişdir. Dərslərində diqqəti çəkən üç xüsusiyyət belə sıralanır:
1) Onun məclisinə intizam, təmkin, təvazökarlıq, hüzur, rahatlıq hakim idi.
2) Dərslərində, ancaq hədisləri rəvayət etməsi istənildiyi zaman izah edərdi. Hədis rəvayətlərində yaddaşına güvənməzdi, söyləmədiyi şeyi hz. Məhəmməd (s.ə.v.)- ə aid etməmək üçün yazılı mətnə baxaraq nəql edərdi. Ondan söz soruşulmadıqca danışmazdı.
3) Verdiyi fətvaların (dərin mənalı dini mövzular haqqında) yazılıb nəql edilməsini qadağan edərdi. Onun fikrinə görə, yazılmalı olan elm ancaq Kitab və Sünnədən ibarət olmalı idi.
Əhməd b. Hənbəl, 40 yaşına qədər hədis öyrənmək və elmini artırmaq üçün çalışmış, bu məqsədlə İraq, Hicaz vəYəməndə səyahətlərdə olmuşdur. Lakin, bu müddət ərzində hədis rəvayət etməkdən və ya dərs verməkdən uzaq durmuşdu.
Əhməd b. Hənbələ görə, iman, qəti olaraq inanmaqdan və əməldən ibarətdir. Artar və azalar, yəni, iman yaxşı əməllə artar, pis əməllə də azalar.
Əhməd b. Hənbəl, dini məsələlərin şərhində, sıra ilə bu qaynaqlara müraciət etmişdir:
1. Kitab və sünnə: Bütün müctəhidlər kimi Əhməd b.Hənbəl də bir işin necə ediləcəyini Qurani Kərimdə açıq olaraq tapa bilmədiyi halda hədisi- şəriflərə baxardı, burada cavab tapdıqda ona görə hökm verərdi.
2. İcma və səhabə sözü: Hədisi şəriflərdə də açıq şəkildə tapa bilmədiyi bir iş üçün, icma varsa, ona uyğun hərəkət edilməsini bildirərdi. (İcma – bir mövzuda alimlərin yığılıb fikirlərini bildirməsi, bir nəticəyə gəlməsidir.) Əshabı -kiramdan (hz.Peyğəmbər (s.ə.v.)-in səhabələri) sonra gələnTəbiinin (səhabələrə tabe olan və onlardan hədislər nəql edənlərin) də icmasını dəlil, sənəd olaraq qəbul etmişdir. Səhabə sözlərində həlli olan bir məsələdə, öz fikrinə görə hökm verməzdi. Səhabənin sözünə görə hökm verərdi. Hətta, səhabə sözü tapa bilmədiyi hallarda, Təbiinin böyüklərindən olan müctəhidlərin ictihadına (yəni din alimlərinin ayələrin və hədislərin şərhindən çıxartdıqları hökmə) üstünlük verərdi.
3. Bir məsələ haqqında Səhabə və ya Təbiinə aid bir şərh tapa bilmədikdə, zəif və mürsəl hədislərə (Peyğəmbər (s.ə.v.)-in hədislərinə) əsaslanaraq əməl edər, ona görə hökm verərdi. Zəif hədisin, səhih hədisin bir növü olduğunu göz önünə gətirərdi.
4. Müqayisə: İmam Malikin "Rəvayət yolu"-nu və İmam Azamın "Rəy və Müqayisə yolu"-nu əsas tutsa da, bir çox hədisi- şərifi əzbərləmədən əvvəl, hədisi-şəriflərin bir-birini qüvvətləndirməsinə baxaraq ictihad (şərh) edərdi. İctihadda bu üsul yalnız Əhməd ibn Hənbələ aiddir.
Əsərləri
Əhməd b. Hənbəlin şəxsən yazdığı yeganə əsəri "əl-Müsnəd"-dir. Müsnəd, Əhməd b. Hənbəlin yığdığı 700 mindən çox olan hədislər arasından seçilən bir hədis əsəridir. Müsnəddə 40 min təkrarlanan, təxminən 30 min təkrarlanmayan hədis var.
Ona həs redilən əsərlərdən bəziləri Hənbəli alimləri tərəfindən qələmə alınmışdır.
Əs-Sünnə, Zühd, Salat, vəl-İman; Rəddi aləl Cəhmiyyə vəz-Zənadikə; Əşribə; Məsail; Cüz fi Usulus-Sünnə; Fədailus-Səhabə; ər-Rəddi əl məhrum iddəat-Tənaküzə fil-Quran; ət-Təfsir; ən-Nəsih vəl Mənsuh; Tarix; əl-Mukaddəm vəl Muahhar fil Quran; Vücubatül Quran; Mənasikül Kəbir vəs Sağar; əl-Cərhu vət Tadil; əl-İləl və Marifətur-Rical bunlardandır.

partner 1 partner 2 partner 3 partner 4 partner 5 partner 6 partner 7 partner 8
Footeri gizlə
Yuxarı qalx